ASLAN VƏ SİÇAN
Günlərin bir günü balaca siçan meşəyə gəzintiyə çıxır. Elə bu zaman o, yağış sularından yığılmış gölməçəyə düşür. Gölməçə kiçik olsa da, bizim siçan o qədər balaca idi ki, ordan çıxa bilmirdi. Siçan ha tullandı gölməçədən çıxa bilmədi. Axırda kömək istəməyə qərar verdi. Bütün gücünü toplayıb “ Kömək edin ... !!! “ deyə bağırmağa başladı. Amma yazıq siçanın özü kimi səsi də incə idi. Buna görə onun səsini eşidən olmadı.
Elə bu vaxt həmin gölməçənin yanından aslan keçir. Ayağını gölməçəyə basmaq istəyirdi ki , birdən sanki kimsə ona “dayan" deyir. Başını aşağı əyib gölməçəyə baxarkən pəncəsinin altından siçanı görür. O siçanın bu qədər balaca gölməçədən necə çıxa bilmədiyinə təəccüblənir. Çünki siçanın boğulduğu gölməçə aslan üçün bir içimlik su qədərdi. Siçan ona təəccüblə baxan aslana səslənir :
“Xahiş edirəm mənə kömək edin, məni köməksiz buraxmayın. Bir gün mənim də sizə köməyim dəyər”.
Aslan siçanın bu sözünə gülərək :
“Sənmi? Sən özün bir qurtumluq suda boğulursan , mənə necə kömək edəcəksən? Sənin heç özünə gücün çatmır”,deyir. Sonra yenə sözünə davam edir: “Sən qarşılığını ödəyə bilməyəcəksən deyə , sənə kömək etməyəcəyimi düşündün? Bir krala yaraşan qarşılıq gözləmədən kömək etməkdir.” Aslan bu sözləri deyib siçanı su gölməçəsindən çıxarır. Siçan ona təşəkkür edib yanından ayrılır.
Günlər keçir. Aslan meşədə gəzərkən bir ovçunun tələsinə düşür. Bir anda özünü torun içində görən aslan çapalasa da qurtula bilmir. Elə bu vaxtlarda meşədə gəzən balaca siçan aslanın torda çırpındığını görür.Siçan :
- Gözləyin , indi toru gəmirib sizi qurtaracam .
Aslan :
- Bu cür qalın toru necə gəmirəcəksən ? Bir bax ipləri necə qalındır. Mən güclü aslanam , özüm çalışıb xilas olaram .
Aslan çapalayır , dartınır , amma heç cür toru parçalaya bilmir.
Siçan :
-Yenə iş mənə qaldı - deyir.
Siçan gedib dostlarını köməyə çağırır.Balaca siçan və dostları toru elə gəmirir ki , aslan tələdən necə qurtulduğunu hiss etmir. Balaca siçan aslana kömək etdiyinə çox sevinir və dostlarıyla dərhal oradan uzaqlaşır.