" Heç bir ata, övladına gözəl tərbiyədən daha üstün bir hədiyyə verə bilməz”
Hz. Muhamməd
Övladını ən mükəmməl və tərbiyəli bir insan kimi böyütmək hər bir valideyinin borcudur. Atanın övladına qarşı ilk məsuliyyəti isə övladı hələ anasının bətnindəikən başlayır. Belə ki, bir ata yoldaşı hamiləykən onun bütün problemlərini həll etməli, ona qarşı diqqətli, səbirli, fədakar və nəzakətli olmaqla özünü atalığa hazırlamalıdır.
Uşaq dünyaya gəldiyi ilk aylarda atadan çox ana ilə yaxın olur. Bu təbii bir prosesdir. Amma ata bu uzaqlığın lazımından artıq olmamasına diqqət etməli və övladı ilə fiziki əlaqə quraraq, onu danışdırmalı, qucağına almalı, sevməli, onunla kiçik də olsa oyunlar oynamalıdır.
Ölkəmizin bəzi yerlərində ata yeni doğulmuş övladı ilə çox yaxınlıq qurmur, hətda onu qucağına belə almır. Halbuki, Allah Rəsulu Məhəmməd (s.ə.s) uşaqları çox sevmiş, onlarla oyunlar oynamış, onları yedizdirmiş, hətta uşaqları özü ilə birlikdə məscidə belə aparmışdı. Unutmamaq lazımdır ki, əsasən oğlanlar atalarının hamıdan güclü olduğunu düşünür və ona bənzəməyə çalışırlar. Elə bunun üçün də ata ailədə daima aktiv olmalı, ailədəki problemləri aradan qaldırmaq üçün əlindən gələni etməlidir. Əgər hər hansı bir səbəbdən ailədə ata yoxdursa bu zaman oğlan uşağı ilə baba, əmi, dayı kimi yaxın qohumların maraqlanması çox vacibdir.
Təbii ki, çox zaman ailənin ağır məsulliyyəti atanın üzərinə düşür. Bütün gün uşaqlarla yorulan ana, yoldaşı evə gəldiyi zaman övladların etdiyi səhv hərəkətlərdən ataya şikayət edir. Bunu eşidən ata da uşağa cəza verir və beləliklə atanın övladına verəcəyi sevginin qarşısını cəza kəsir. Bəzi atalar isə axşam işdən yorğun halda gəlir və yeməyini yedikdən dərhal sonra yorğunluğunu televizorun qarşısında çıxarır. Beləliklə də övladı ilə düzgün ünsiyyət qurmağa vaxtı olmur. Halbuki ata evə nə qədər yorğun gəlsə də, övladına sevgi göstərərək, onunla söhbət edib, dinləyib, onunla oynayarsa, həm bütün yorğunluğu çıxar, həm də, uşaq özünü xoşbəxt hiss edər.
Ata övladına dərslərində kömək etməli, problemləri olub olmadığını soruşmalıdır. Ancaq valideynlər əsla uşaqların dərslərini onların əvəzinə etməməli, əksinə onları dərslərini etmələri üçün həvəsləndirməli, əskik olan ləvazimatlarını təmin etməlidirlər.
Tətil günlərində və həftə sonlarında ata öz ailəsini gəzdirməli, övladları ilə oyunlar oynamalı, imkan olduqca onların cəmiyyət içində iştirak etmələrinə şərait yaratmalıdırlar.