Dürüst olmağın mükafatı
Biri var imiş, biri yox imiş. Keçmiş zamanlarda ölkələrin birində ,70 yaşlı bir padşah yaşayırdı. Padşahın övladı yox idi. Buna görə də ondan sonra taxt-taca varis olacaq gənci qardaşı övladları içindən seçmək qərarına gəlir. Bir gün onların hamısını saraya dəvət edir. Padşah deyir : - Mən artıq qocalmışam . Ölkəmizə yeni, gənc, dürüst bir padşah seçməyin vaxtıdır . Mən sizin aranızdan bir gənci seçməliyəm. Amma o gənci seçməzdən əvvəl sizə bir tapşırığım var. Padşah sözlərini bitirib əlində olan toxum kisələrini gənclərə payladı.Və sözlərinə davam etdi. - Bu kisələrin içində toxumlar var. Onları bir dibçəyə əkib bir il sonra yanıma gəlin. Kimin əkdiyi toxum gözəl çiçəkləsə onu ölkəmizin padşahı seçəcəm. Bu sözləri eşidən gənclər sevinərək , tələsərək evlərinə getdilər. Əhməd də padşahın verdiyi toxumları evə gətirib bir saxsıya əkdi. Hər gün ona qulluq edib suladı. Buna baxmayaraq saxsıda heç bir dəyişiklik yox idi. Bir il ötdü. Padşahın verdiyi vaxt tamam oldu. Ancaq Əhməd : - Mənim saxsımdan heç nə çıxmadı. Buna görə ora gedib pərt olmaq istəmirəm dedi. Əhmədin anası: - Əziz oğlum sənə verilən tapşırığı yerinə yetirdin.Toxumu əkdin vaxtında suladın.Yəni əlindən gələni etdin. Buna görə saxsın boş da olsa gərək saraya gedəsən. Əhməd utana-utana da olsa boş saxsıyla saraya getdi. Hər kəsin saxsısında gözəl gülləri görüb çox utandı. Ona verilən toxumların niyə çiçəklənmədiyini düşünərkən padşah da təşrif buyurdu. Padşah hər kəsin saxsılarına baxarkən əli ilə Əhmədi işarə etdi. Əhməd utanaraq padşahın yanına yaxınlaşdı. Padşah dedi: - Məndən sonra padşah bax bu gənc Əhməd olacaq. Bu sözü eşidən insanlar çox təəccübləndilər: "Axı saxsıdan heç nə çıxmamışdı", " Necə o padşah ola bilər ki?" Elə Əhməd də təəccübdən ayılmamışdı. Padşah sözünə davam edir. - Sizə verdiyim toxumlar hamısı qaynanmış idi. Onlar heç vaxt cücərə bilməzdi. Hamınız toxumların cücərmədiyini görüb, mənə başqa çiçəklər açan güllər gətirdiniz. Əhməd isə sizdən fərqli olaraq dürüst davrandı, məni aldatmadı. Saxsı boş olsa da cəsarətini toplayıb gəldi. Buna görə də Əhməd ölkəmizin padşahı olmağa layiqdi. Göydən üç alma düşdü. Biri Əhmədin, biri padşahın, biri də nağılımızı dinləyənin.