Məktəb ─ uşağın həyatında yeni mərhələ.
Uşağın məktəbə daxil olması onun həyatında yeni mərhələnin başlanğıcını təşkil edir. Uşaq məktəbdə yeni bir şəraitə düşür: dərsin başlanğıcından sonunadək sakit oturmaq , sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almaq, onun bütün göstəriş və tapşırıqlarının icrası kmi məsələlər uşaq şəxsiyyətinə ciddi tələblər verir. Bağça tərbiyəsi görən uşaqlar üçün bu məsələlər o qədər də çətinlik törətmir.
Uşağın məktəbə başlaması onun həyat və fəaliyyətində ciddi dəyişikliklər əmələ gətirir. Bununla əlaqədar valideynlər qarşısında bir sıra məsul vəzifələr durur. Hər şeydən əvvəl valideynlər çalışmalıdır ki, bu yaş dövründə uşağın ən səmimi , sədaqətli və etibarlı dostu olsunlar. Uşaq onlara inanıb heç bir səhv hərəkətini gizlətməsin. Bəzən uşaq ev tapşırığının öhdəsindən gələ bilməyəndə, yaxud onu səhv icra edəndə valideynlər uşağı danlayır, bəzən də fiziki cəzaya əl atırlar. Belə Bu cür hərəkətlər uşağın sinir sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olur. Uşaq böyüklərin hər cür irad və məzəmmətini ürək ağrısı ilə qəbul edir. Əgər kiçik məktəbli düzgün hərəkət etmirsə bunu səbrlə ona başa salmaq, şüuruna çatdırmaq lazımdır. Birinci sinifə gedən uşaqda özünəinam hissi yaratmaq, həmişə ona diqqət və qayğı ilə, eyni zamanda tələbkarlıqla yanaşmaq lazımdır.
Hazırladı :Vüsalə Qarayeva