Uşaq qorxuları
Qorxu insanın onu təhdit edən bir hala verdiyi reaksiyadır. Uşaqların inkişafı boyunca müəyyən qorxularının olması normaldır. Uşaqlar qorxuları vasitəsilə onları əhatə edən aləmə alışır, ehtiyyatlı olmağı öyrənirlər. Məsələn: isti sobaya əli dəyən uşaq ikinci dəfə bunu etmir. Valideyinlər zaman-zaman uşaqlara nəyin təhlükəli olub-olmadığını deyir və uşaqlar həmin şeylərdən ehtiyyat edirlər.
Yaşlara görə qorxular müxtəlif olur:
0 -1,5 yaş arası - əsasən yüksək səs qorxuya səbəb olur.
1,5 -3 yaş - ani səs, elektrik əşyalarının səsi və s.
3 -4 yaş - bu qorxulara qaranlıq, dilənçi, oğru qorxuları əlavə olunur.
5 - 6 yaş -səslə bağlı qorxular, tək yatmaq, qaranlıq, şimşək və s.
Uşaqda qorxuların yaranma səbəbləri müxtəlifdir. Çox vaxt bu qorxunu valideyinlər bilməyərək yaradır. 0-6 yaş arası uşaqlarda ən çox rastlanan ata-anadan ayrı qalma qorxusu, ananın uşaq sözə baxmadıqda "səni qoyub gedərəm", "aparıb dilənçiyə verərəm" , "xoxan gələcək" və s. kimi sözlərdən sonra yarana bilər. Yatızdırılmaq və ya yedizdirilmək məqsədilə xortdanla, cinlə qorxudulan uşaqlar tək yatmaqdan, kölgədən qorxular. Cəza məqsədilə otağa salınan uşaqlarda qapalı məkan qorxusu yarana bilər. Tez-tez valideyinləri tərəfindən təhqir edilən, başqaları ilə müqayisə edilən uşaqlarda sosial qorxu, məktəb və imtahan qorxusu formalaşır.
Uşaqlarda qorxu yaratmamaq və ya yaranmış qorxudan qutarmaq üçün valideynlər aşağdakıları edə bilərlər:
* Uşağınıza qorxulu filmləri seyr etməyə icazə verməyin
* Uşağınızın duyğularını dinləyin, onu anlamağa çalışın. Bəzən uşağın qorxusu onu dinləmək və qorxusu ilə bağlı doğru məlumat verməklə azala bilər.
* Əgər uşağınız qaranlıqdan qorxursa, otaqda gecə lampası qoymaq faydalı olacaq. Uşağınız yuxuya gedənə qədər yanında olmanız da uşağın qorxusunu azaldacaq.
* Uşaqlarınızı qorxuları ilə üzləşdirin. Uşaq bu qorxunun əslində bir səbəbi olmadığını anladıqda qorxuları azalır və zamanla yox olur.
* Uşaqda məktəb qorxusu varsa, bu qorxunun səbəbini tapmaq və çözmək lazımdır.
Qorxu çox güclü olduqda və uşağın həyatını, fəaliyyətini öz təsiri altına aldıqda fobi olaraq dəyərləndirilməlidir. Uşağın qorxusu zamanla keçmirsə və fobiyə çevrilmişsə psixoloqa müraciət etməniz məqsədəuyğun olacaq.