Uşaq sevildiyini mütləq bilməlidir
"Bir uşaq sevilmədiyini düşündüyündə,
özünü dəyərsiz, ya da bacarıqsız hiss edər."
Z.Freyd.
Uşaqlar yeməyə və içməyə ehtiyac duyduqları qədər sevgiyə də ehtiyac duyurlar. Bir uşaq sevildiyini hiss etdiyində başqalarına da sevgi ilə yaxınlaşacaqdır. Uşağa göstərdiyimiz sevgi və şəfqət ölçüsündə o da bizə sevgi və şəfqətlə qarşılıq verəcəkdir. Heç kim sahib olmadığı şeyi verə bilməz.
Uşaqlara sevgilə yaxınlaşma tərzi mövzusunda Peyğəmbərimiz(s.a.s) bizə ən gözəl nümunə və model olmuşdur. Nəvələri Həsən və Hüseyni öpərkən Hz Peyğəmbəri görən bir nəfər buna təəccüblənərək:
"Mənim 10 uşağım var,ancaq heç birini də öpməmişəm.”deyir.
Peyğəmbərimiz ona bu cavabı verir: ”Mərhəmət etməyənə, şəfqət göstərməyənə mərhəmət edilməz.”
Sevgi və şəfqət görən bir uşaq başqalarını sevməklə yanaşı eyni zamanda psixoloji tərəfdən cəmiyyət qarşısına daha sağlam çıxar. O, eqoist, xudbin deyildir və düşməncəsinə davranışlar göstərməz. Pis davranışlara yol açacaq bir əskikliyi olmaz. Bu, sevgi ilə böyüyən uşağın heç bir anlaşılmazlıq və problem yaşamayacağı mənasına gəlməz. Anlaşılmazlıq və problemlər uşaqlar üçün normaldır.
Ancaq sevgi ilə böyüyən uşaq, başqalarını sevər və onlara yardımçı olmağa çalışar.Son dərəcə güclü əxlaqi davranış qaydalarına sahib olar. Eyni zamanda belə bir uşaq ana-atasının özünə hirslənmələrinin və ya cəzalandırmaların pis təsirlərini də asanlıqla dəf edər. Sevgi: uşağın özünü güvəndə hiss etməsini təmin edir.Uşağa özgüvən aşıladığı kimi başqalarına güvənməyi də öyrədir.
İnsanoğlu fərq edilmək və önəmli olmaq ehtiyacını həyatının hər sahəsində duymaq istəyir.Uşaqlar da həyatın ilk günlərindən başlayaraq toxunulmağı, qucaqlanmağı istəyirlər. Zaman-zaman bədən təması, göz təması, gülümsəmə, canlı bir mühit, musiqi ya da ünsiyyət şəkilində səsə cavab vermə münasibət üçün vacib olan ünsürlərdəndir.
Qucaqlayaraq, öpərək, oxşayaraq qurulan münasibət də duyulan ehtiyacın qarşılanmasında önəmlidir. Uşağını olduğu kimi qəbul edən, onu dəstəkləyib ürəkləndirən ailə üzvləri, uşağın mənlik dəyərinin toxumlarını əkmiş olar. Qəbul etmənin əlamətlərindən biri də qucaqlamaq, öpərək sevmək kimi fiziki təmasıdır.
Dünyada bütün gözəlliklər sevgi və hörmətlə başlayar. Uşaqlarınızı hər zaman çox sevin və hörmət göstərin. Belə olduqda o da sizlərə və digər insanlara qarşı sevgi və hörmət göstərəcək.Uşaqların cəmiyyətə olan hörmət duyğusu ailədən başlar və məktəbdə, ətrafda inkişaf edər. Buna görə uşaqlarınızı tanıdıqları, dostları və müəllimləri yanında tənqid edib, pisləməyin. Uşaqlarınızın müəllimlərindən, məktəbdən soyuduqları zaman, soyumalarının dərinləşməsinə fürsət verməməlisiniz.Onlara bəzi reallıqları açıqlaya bilərsiniz: Hər müəllim və müəllimə uşaqlarla daimi, lazımi qədər maraqlanmaya bilər. Məktəb hər kəsin istədiyi sistemdə ola bilməz. Bizlər məktəbin sisteminə uyğunlaşmalıyıq.
Görəcəksiniz, uşaqlarınız qısa zamanda doğru yolları araşdırıb tapmağa çalışacaqlar. Qarşısındakını sayan və sevən bir uşaq hər zaman üçün doğru davranışlar göstərəcəkdir və bu uşaq həyatda hər şeylə mübarizə apara bilər. Bunun da ilk sosial addımları məktəbdə özünü büruzə verir.